Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu

AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu Palatanın üzvü, LU-MUN Holdinq MMC ilə əməkdaşlıq çərçivəsində 27 may 2022-ci il tarixində yaradılmışdır.

AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri kənd təsərrüfatı və qida sektorunda mövcud çətinliklərin araşdırılması, bu sahənin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

İşçi Qrupunun əvvəlki görüşləri

27.05.2022: Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun təsis iclası

AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu 27 may 2022-ci il tarixində keçirilmiş təsis iclası ilə öz fəaliyyətinə başlamışdı. Görüşə 20-dən çox üzv şirkətlərin nümayəndələri, eləcə də dövlət və ictimai qurumlardan iştirakçılar qatıldı.

İclası açıq elan edən cənab Fərid İsayev iştirakçıları salamladı və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun sədri cənab Rufat Tabasaranskini təqdim etdi və çıxışının davamında qeyd etdi ki, kənd təsərrüfatı mallarının istehsalı və ərzaq təhlükəsizliyi mövzuları dünya bazarlarında daha çox ön plana çıxdıqları üçün bu məsələlər biznes icması tərəfindən ciddi şəkildə izlənilir. O, daha sonra yaradılan yeni platformanın AHK Azərbaycana bu proseslərdə daha yaxından iştirak etməyə imkan verəcəyinə ümid etdiyini bildirdi. Bundan sonra Tobias Baumann iştirakçılara öz minnətdarlığını bildirdi və mövcud biznes mühitində yeni bazar imkanlarını müəyyən etmək üçün onlara fəal və səmərəli müzakirələr arzuladı.

Rufat Tabasaranski çıxışında təmsil etdiyi şirkəti qısaca təqdim etdi, qida sektorunda mövcud normativ baza və standartlardan danışdı və burada, xüsusilə də şəffaflığın artırılmasında imkanların olduğunu vurğuladı. Görüş Rufat Tabasaranskinin moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu öz fəaliyyətini kənd təsərrüfatı və qida sektorunda normativ baza və standartlar, habelə investisiya mühitində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır. Ətraflı