AHK İmpuls

AHK Azərbaycan üzvləri arasında informasiya mübadiləsini gücləndirmək və mövcud iqtisadi trendlər barədə məlumatlanmaq məqsədilə müntəzəm olaraq AHK-İmpuls adlı görüşlər təşkil edir.

© Shutterstock/Nathapol Kongseang

Hər bir görüş iqtisadiyyatın aktual bir mövzusuna həsr edilir. Bununla yanaşı biz üzvlərimizə öz şirkətlərini təqdim etmək fürsəti veririk. Daha sonra tədbir iştirakçıları axşam yeməyi çərçivəsində üzv və tərəfdaş şirkətlərin əhatəsində şəbəkədaxili danışıqlar aparmaq imkanı əldə edirlər.

Əvvəlki şəbəkədaxili tədbirlərin mövzuları

01.11.2023: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında görüş keçirilib

1 noyabr 2023-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəyli “Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” adlı məruzə ilə tədbirdə çıxış edib. Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov biznes nümayəndələri ilə təlim keçirib.

Tədbir AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumannın açılış nitqi ilə başlayıb. O, tədbir iştirakçılarını salamladıqdan sonra AHK İmpuls tədbirinin fəxri qonağı cənab Məmməd Abbasbəylini Palatanın üzvlərinə təqdim edərək sözü cənab Abbasbəyliyə verib.

Çıxışında cənab Abbasbəyli qonaqları salamlayıb və Dövlət Xidmətinin dövlət-özəl sektorun qarşılıqlı fəaliyyətində fəal rolunu qeyd edib. O, dayanıqlı iqtisadiyyat qurmaq və özəl sektor vasitəsilə inkişafı təşviq etmək öhdəliyi barəsində söz açıb. Cənab Abbasbəyli, həmçinin aydın və açıq tənzimləmə formatlarının vacibliyini vurğulayıb və Dövlət Xidmətinin mürəkkəb qaydaların sadələşdirilməsi və şərh edilməsində səylərini izah edib.

O, rəqabət məcəlləsi, dövlət satınalmaları, keyfiyyət və istehlakçıların müdafiəsi daxil olmaqla, istehlakçılara fayda vermək və biznesi dəstəkləmək üçün nəzərdə tutulmuş dörd əsas tənzimləyici mandatı müzakirə edib. Cənab Abbasbəyli mövcud iqtisadi reallığı əks etdirmək üçün köhnəlmiş qanunları yeniləyərək rəqabət qanunvericiliyində əhəmiyyətli islahatların aparıldığını bəyan edib. O, həmçinin müxtəlif dövlət qurumlarının kollektiv məsuliyyətini vurğulayaraq rəqabət mühitinin yaxşılaşdırılması üzrə hökumət proqramını təqdim edib.

Bundan əlavə, cənab Abbasbəyli gənc nəslin rəqabət iqtisadiyyatı ilə bağlı maarifləndirilməsi, onları biznes dünyasında gələcək karyeralarına hazırlamaq səylərini qeyd edib. Sonda, o, yeni dövlət satınalmaları qanununun əsas xüsusiyyətlərini, o cümlədən əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşma, büdcə şəffaflığı, prosesləri manipulyasiya edən müəssisələrin qara siyahısı, çərçivə sazişləri və potensial şikayətlər üçün gözləmə müddətini qeyd edib.

Sonra cənab Tobias Baumann sözü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənova verib.

Çıxışında cənab Həsənov qonaqları salamladıqdan sonra dövlət satınalmaları haqqında yeni qanunun tətbiqi ilə bağlı geniş təqdimatla çıxış edib. Çıxışı zamanı o, qanunun tarixi təkamülü, qanunvericilik müddəalarına əməl olunmasının vacibliyi, onun müasir aktuallığını təmin etmək üçün qanunvericiliyə edilən müxtəlif yeniliklər və təkmilləşdirmələr də daxil olmaqla bir sıra mövzuları əhatə edib.

Cənab Həsənov çıxışından sonra AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və müvafiq sektorların nümayəndələri ilə birbaşa dialoq aparmaq imkanı yaratdığına görə Palataya minnətdarlığını bildirib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb. Ətraflı

04.07.2023: Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi

İyulun 4-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkətin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov “Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi” mövzusunda çıxış edib. Görüşdə, həmçinin  SERA Holdinq MMC-nin təsisçisi və direktoru xanım Sevinc Rəhimova Smart Finans MMC-nin fəaliyyət istiqamətləri və xidmət sahələri haqqında məlumat verib.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Smart Finans MMC-yə minnətdarlığını bildirib. O, daha sonra sözü xanım Sevinc Rəhimovaya verib.

Sevinc Rəhimova öz nitqində hamını salamlayıb və SERA Holdinq MMC həmçinin onun alt şirkəti olan Smart Finans MMC-nin fəaliyyəti haqqında məlumat verib. Xanım Rəhimova  bildirib ki, şirkət maliyə, mühasibatlıq, konsaltinq və audit xidmətləri göstərir, eləcə də o, sahibkarları ən çox maraqlandıran suallardan biri olan gömrük xidmətləri barəsində danışıb və dövlətin bu sahəyə diqqətini vurğulayaraq dəstəklədiyini bildirib.

Daha sonra cənab Tobias Baumann sözü tədbirin fəxri qonağı cənab Şahin Bağırova verib.

Şahin Bağırov öz nitqində tədbir iştirakçılarını salamlayıb, Dövlət Gömrük Komitəsinin hər zaman bu cür tədbirlərə açıq olduğunu deyib və bu kimi tədbirlərin biznes-gömrük tərəfdaşlığına töhvə verdiyini vurğulayıb. Əvvəlcə, cənab Bağırov Dövlət Gömrük Komitəsinin qarşıya qoyulmuş strateji hədəfləri, missiyaları və prinsipləri haqqında geniş məlumat verib.

Daha sonra cənab Bağırov tamamlanmış layihələrin hər biri haqqında ətraflı danışıb. Cənab Bağırov həmçinin şirkətlərin Elektron Hesab Səhifəsi tətbiqinin tamamlanmasında əməkdaşlığını yüksək şəkildə qiymətləndirib, eləcə də cari ilin 10 may tarixindən etibarən idxal-ixrac əməliyyatları həyata keçirən bütün sahibkarların Elekton Hesab Səhifəsinin istifadəçisi olduğunu deyib və tətbiqin artıq mobil veriyasının da istifadəyə verildiyi haqqında məlumat verib. Cənab Bağırov həmçinin vətəndaşların gömrük idarələrindən Elektron Bildiriş Formasını tələb etməyi və bunun önəmini vurğulayıb.

Ardınca cənab Bağırov icrası davam edən layihələrin mütamadi müzakirələr əsasında aparıldığını deyib və Risk İdarəetmə Sistemi layihəsi haqqında geniş məlumat verib. Cənab Bağırov həmçinin bu layihə çərçivəsində ölkəyə gətirilən məhsullara təkcə Dövlət Gömrük Komitəsi tərəfindən deyil, həmçinin digər qurumlar tərəfindən də icazə verib-verilmədiyini Risk İdarəetmə Sistemi vasitəsilə yoxlaya biləcəklərini deyib.

Çıxışının sonunda cənab Şahin Bağırov şəffaflıq prinsipinin önəmini vurğulayıb və vətəndaşları gömrük orqanları ilə əməkdaşlığa çağırıb.

Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

07.04.2023: Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları

Aprel ayının 7-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 60-dan çox üzv şirkətlərin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları” mövzusunda çıxış edib. Tədbirdə əsasən işğaldan azad edilmiş ərazilərin investisiya potensialı, indiyədək görülən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Yelo Bank-a minnətdarlığını bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Emin Hüseynova verib.

Qarabağ regionunda yenidənqurma işləri və inkişaf haqqında məlumat verən cənab Hüseynov bildirib ki, Qarabağ regionunda ilkin mərhələ minatəmizləmə fəaliyyəti ilə başlayıb və bu proses bir il müddətində davam edib. Qarabağ regionunda hazırda yenidənqurma işləri davam etməkdədir və xüsusilə nəqliyyat və logistika, enerji və su və kommunikasiya xəttləri üzrə aktiv fəaliyyət davam edir.  

Qarabağ regionunda biznes imkanları və regionun investisiya potensialı barədə söhbət açan Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi:  “Qarabağ regionunda əsasən kənd təsərrüfatının emalı, yeyinti sənayesi, mədənçıxarma, turizm sənayesi üzrə potensial investisiya imkanları və bu sahələrin inkişafının vacibliyini vurğulamışdır. Son iki ildə nəqliyyat sisteminin bərpası və Qarabağ regionunda həyata keçirilən tikinti işlərindən söz açaraq, xüsusilə yeni salınmış hava limanlarının üstünlüklərindən bəhs etmişdir. Texnologiya və “Yaşıl Enerji” haqqında məlumat verən Emin Hüseynov Qarabağ regionunda yaşıl zonanın yaradılması məsələsinə də toxunmuşdur. Prezident İlham Əliyevin qərarı ilə 2050-ci ilə qədər potensial karbon qazı emissiyasının sıfıra endirilməsi yolunda proseslərin uğurla davam etdirildiyi bildirmişdir.

Cənab Hüseynov eyni zamanda, Almaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına verdiyi tövhəni vurğulayaraq Qarabağ regionunda da bu əlaqələrin uğurla davam etməsinin hər iki ölkə iqtisadiyyatı üçün maraqlı olduğunu da qeyd etmişdir.

Çıxışında yerli investorların perspektivini gündəmə gətirən cənab Hüseynov, alman investorları üçün də yarana biləcək imkanlar və potensial investorlara stimulların necə təqdim olunacağına dair nümunələr verib.

Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

13.12.2022: Azərbaycanda enerji keçidi üçün perspektivlər və enerji təhlükəsizliyi siyasəti

Dekabr ayının 13-də AHK Azərbaycan 50-dən çox üzv şirkətin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Energetika nazirinin müavini cənab Samir Vəliyev “Azərbaycanda enerji keçidi üçün perspektivlər və enerji təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edib. Görüşdə, həmçinin Uniper Global Commodities SE şirkətinin vitse-prezidenti cənab Dr. Michael Hilmer və KPMG Azərbaycanın idarəedici partnyoru cənab Vitaly Yakovlev Azərbaycanda enerji keçidi mövzusunda çıxış ediblər.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə KPMG Azərbaycana minnətdarlığını bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Samir Vəliyevə verib.

Azərbaycanın enerji sektoru haqqında məlumat verən cənab Vəliyev bildirib ki, Azərbaycan hazırda enerji strategiyasının 3-cü pilləsindədir və bu strategiya, Azərbaycanın, eləcə də xarici tərəfdaşlarının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.

Azərbaycan və Almaniya ikitərəfli əlaqələrinin inkişafından danışan nazir müavini bildirib:  “Azərbaycan Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artımla 1.3 milyard ABŞ dollarına yaxın olub. Son dörd il müddətində Almaniya 5.7 milyon tondan çox Azərbaycan nefti ilə təchiz olunub. Bu ilin yanvar-avqust aylarında Almaniya ixracımızın 96.6 %-ni xam neft təşkil edib.”

Cənab Vəliyev eyni zamanda, ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər haqqında məlumat verib. Daha sonra, bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın yüksək potensialından söz açıb və özəl investisiyaların dövlət investisiyalarını əvəz etdiyi müsbət mühiti vurğulayaraq, Azərbaycanın yaşıl enerji keçidinə tam şəkildə hazır olduğunu bildirib.

Daha sonra Dr. Hilmer tədbir iştirakçılarını Almaniyada enerji keçidi mövzusunda məlumatlandırıb. Həmçinin bildirib ki, bugünkü AHK Impuls tədbiri həm də enerji keçidi üzrə yeni AHK İşçi Qrupunun təsis tədbirlərindəndir.

Çıxışında yerli investorların perspektivini gündəmə gətirən cənab Yakovlev, enerji keçidini dəstəkləmək üçün potensial investorlara stimulların necə təqdim olunacağına dair nümunələr verib.

Tədbir aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

06.07.2022: Azərbaycanda əhalinin məşğulluğu sahəsində dövlət siyasəti

6 iyul 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil etdi. Tədbir Azərbaycanda əhalinin məşğulluğu sahəsində dövlət siyasəti mövzusuna həsr olunmuşdu. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyli “Məşğulluq strategiyasının iqtisadi inkişafın təmin edilməsində rolu” adlı məruzə ilə tədbirdə çıxış etdi. 

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbirdə iştirak edən üzv şirkətləri və Palatanın tərəfdaşlarını salamladı və sözü daha sonra tədbirin fəxri qonağı cənab Mustafa Abbasbəyliyə verdi.

Cənab Abbasbəyli öz çıxışında nazirliyin aktiv əmək bazarına mümkün qədər çox vətəndaşı, yəni vergi ödəyicilərini cəlb etmək və saxlamaq məqsədindən danışaraq, aktiv əmək bazarı iştirakçıları ilə sosial təminat alan şəxslər arasında keçid prosesində pozuntunun iqtisadi vəziyyətə necə zərərli olacağını vurğuladı. Daha sonra o, Azərbaycanın əmək bazarı qanunvericiliyinin sosial yönümlü olduğunu, lakin sosial dövlət və liberal iqtisadiyyatlar arasında orta mövqe tutan hibrid modelə keçidə yönəldiyini bildirdi.

Daha sonra cənab Abbasbəyli iqtisadiyyat və əhalinin artımı arasındakı əlaqə haqqında ətraflı məlumat verdi və Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərdə əhalinin sayının iqtisadiyyat ilə müqayisədə daha sürətlə artdığını qeyd etdi. Bu, kifayət qədər iş yerlərini təmin edə bilməmək kimi problemlərə gətirib çıxarır. Digər tərəfdən bu hal həm də bir üstünlük yaradır, çünki əhalinin artımı iqtisadiyyatda daha çox istehlak və tələb deməkdir, istehsalın artımı ÜDM-i artırır, və beləliklə, daha çox məşğulluq yaradır.

Cənab Abbasbəyli innovasiyaların, xüsusən də kənd təsərrüfatı kimi yüksək məşğulluq tələb edən, lakin aşağı məhsuldarlığa malik iqtisadi sektorlarda tətbiqinin əhəmiyyətini vurğuladı, həmçinin Azərbaycanda əmək müqavilələrinin sayına bərabər olduğu təxmin edilən qeyri-formal iqtisadiyyatın həcmindən danışdı.

Bundan başqa, o, rəqəmsal iqtisadiyyat və rəqəmsal transformasiyanın vacibliyini dilə gətirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ən innovativ dövlət qurumlarından biridir və 130 xidmətdən 100-dən çoxu elektron şəkildə təqdim olunur. Sonda cənab Abbasbəyli çıxışını iqtisadi dayanıqlığın və diversifikasiyanın artırılmasında kiçik və orta biznesin inkişafının əhəmiyyətini vurğulayaraq yekunlaşdırdı.

Tədbir aktiv sual-cavab sessiyası və daha sonra işgüzar şam yeməyi ilə davam etdi. Ətraflı

10.02.2022: Yeni çağırışlar fonunda Azərbaycanda miqrasiya idarəçiliyi

10 fevral 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov, “Yeni çağırışlar fonunda Azərbaycanda miqrasiya idarəçiliyimövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla Hyatt Regency Bakı Hotelində keçirilib.

AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqini etdikdən sonra  tədbirdə iştirak edən diplomatik missiya nümayəndələrini salamlayıb və sözü daha sonra tədbirin fəxri qonağı cənab Vüsal Hüseynova verib.

Cənab Hüseynov Dövlət Miqrasiya Xidmətinin (DMX) əsas fəaliyyət istiqamətləri, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilən institusional islahatlar barədə ətraflı məlumat verib. Həmçinin bildirilib ki, son 2 ilin ən mühüm çağırışlarından biri olan Covid-19 pandemiyası ilə bağlı tətbiq olunan qaydaların özəl sektorun nümayəndələrinə və ölkədəki əcnəbilərin həyatına minimum təsir etməsi istiqamətində vacib addımlar atılıb. O, sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsinin, yeni elektron xidmətlərin yaradılmasının və ölkə daxilində miqrantların yaşamalarının leqallaşdırılması üçün tətbiq olunan müxtəlif güzəştlərin əhəmiyyətini vurğulayıb.

Bundan əlavə cənab Hüseynov qeyd edib ki, ikinci bir mühüm çağırış işğaldan azad edilmiş torpaqlarda başlayan bərpa ve quruculuq işləriylə əlaqədar ölkədə olan əcnəbi işçi qüvvəsinə tələbin artması ilə bağlıdır. Bu istiqamətdə artan tələbat nəzərə alınaraq kvotaların müvafiq olaraq artırıldığını bildirib. “Baxmayaraq ki, 2021-ci il üçün kvota 6740 nəfər müəyyən edilmişdir, ancaq zərurətə dayanaraq bu rəqəm 1000 nəfər artırılmış və 7740 nəfər olmuşdur. 2022-ci il üçün isə 8740 nəfər müəyyən edilmişdir. Bu hal biznes mühitinin canlanmasına və eləcə də karantin qaydalarının yumşalmasına təsir edir.”

Tədbirdə həmçinin DMX-nin sosial layihələri barədə söhbət açan cənab Hüseynov Beynəlxalq Miqrasiya təşkilatının və DMX-nin birgə icra etdiyi Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması layihəsi üzərində işlərin görüldüyünü nəzərə çatdırıb.

Çıxışdan sonra cənab Vüsal Hüseynov AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

16.11.2021: Azərbaycanda Antiinhisar Nəzarəti və Rəqabət Mühiti: Gələcəyə Baxış

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin AHK Azərbaycan üzvləri ilə görüşü keçirilib 

16 noyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəis müavini cənab Məmməd Abbasbəyli “Azərbaycanda Antiinhisar Nəzarəti və Rəqabət Mühiti: Gələcəyə Baxış” mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzində keçirilib.  AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqini etdikdən sonra  tədbirdə iştirak edən diplomatik missiya nümayəndələrini salamlayıb və sözü daha sonra tədbirin fəxri qonağı cənab Məmməd Abbasbəyliyə verib.  
 
Cənab Abbasbəyli ötən aylarda AHK Azərbaycan tərəfindən dərc olunan illik Biznes Mühiti Sorğusuna istinad edərək qeyd edib ki, dövlət satınalmalarında şəffaflığın artırılması və tender meyarları və prosedurlarının yaxşılaşdırılması Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən sağlam biznes və investisiya mühitinin əsas tələblərindən biri kimi qeyd olunub. Sorğunun nəticələrinin AİBNDX tərəfindən dərindən təhlil olunduğunu deyən rəis müavini, qurumun islahat tədbirlərində xarici şirkətlərin təklif və fikirlərinin nəzərə alınacağını vurğulayıb.  
 
Abbasbəyli AİBNDX-nin fəaliyyət istiqamətləri, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün davam edən institusional islahatlar barədə ətraflı məlumat verib. Həmçinin bildirilib ki, son dövrlər liberal və rəqabətli iqtisadi siyasət vasitəsiylə davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır. Bununla yanaşı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə birbaşa dövlətin iştirakı ilə bazarlarda rəqabətli mühitin yaranmasının təşviqi üçün müəyyən edilmiş yeni tədbirlərdən danışan Abbasbəyli, həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsinin hazırlandığını və hal-hazırda layihənin müvafiq strukturlarla razılaşdırılma mərhələsində olduğunu qeyd edib. 
 
Bundan əlavə qeyd olunub ki, bu il dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların həcmi 630.3 mln. manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 15.4%-na bərabərdir. Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 96% təşkil edib.

Tədbirdə həmçinin AİBNDX-nin strateji hədəfləri barədə də məlumat verilib. Qeyd edilib ki, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini təmin edən ədalətli və azad rəqabət mühitinin qorunması, milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və davamlı inkişafın dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması, habelə istehlak mərkəzli ekosistemin yaradılması 2022-2026-cı illər üçün əsas prioritet məqsədlər və strateji sütunlar kimi müəyyən edilib. 
 
Təqdimatdan sonra cənab Abbasbəyli AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı

29.10.2021: Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi

29 oktyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzində keçirilib.

AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann tədbirin açılış nitqini etdikdən sonra  görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib.                                                                                           

Sonra tədbirin fəxri qonağı cənab Mehdiyev Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri və dəyişkən global iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və  səmərəliliyin artırılması istiqamətində Gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib. Bununla yanaşı, cənab Mehdiyev fiskal sahədə son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.

Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30%-nə yaxınını, idxalın isə 41%-ni təşkil edirlər.

Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən cənab Sədr, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni gömrük məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. Cənab Mehdiyev vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.

Çıxışından sonra cənab Mehdiyev AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb. Ətraflı

01.07.2021: Azərbaycanda sosial müdafiəyə yeni yanaşma

01 iyul 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) “Ameco” MMC və “Səhhət” klinikasının dəstəyi ilə üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil etmişdir. Tədbirin fəxri qonağı Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri cənab Himalay Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış etmişdir. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzinin “Quba” zalında keçirilmişdir.

“AHK Azərbaycan”ın icraçı direktoru cənab Tobias Baumann tədbiri salamlama nitqi ilə açdıqdan sonra “Ameco” MMC-nin laborator avadanlıq üzrə mütəxəssisi Dr. Səbinə Qafarova təqdimat ilə çıxış etdi. Dr. Qafarova çıxışı zamanı yeni ekspress COVID-19 əks cisim testlərini təqdim etdi və koronavirusun yayılmasına qarşı təsirli bir yol kimi hər kəs üçün testlərin əlçatan olmasının əhəmiyyətini vurğuladı.                                                                                   

Sonra tədbirin fəxri qonağı cənab Məmişov Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri və Fond tərəfindən əhalinin sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xüsusilə də əhalinin sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi və səmərəliliyinin artırılması istiqamətində Fond tərəfindən görülən işlərdən bəhs etdi. Bununla yanaşı, cənab Məmişov sosial təminat sahəsində son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışdı.

Cənab Məmişov “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri xüsusi olaraq vurğuladı. O qeyd etdi ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırdı. Bundan əlavə, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaratdı. Eyni zamanda, o, COVID-19 pandemiyası zamanı vətəndaşlarla təmasın onlayn müstəvidə həyata keçirilməsindən bəhs etdi.

Çıxışından sonra cənab Məmişov “AHK Azərbaycan” üzvlərinin suallarını cavablandırdı və Alman-Azərbaycan Xarici Ticarət Palatasına özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə etdi. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşdı. Ətraflı

08.04.2021: Azərbaycanda nəqliyyat və logistika sənayesinin inkişafı

8 aprel 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətlər üçün növbəti onlayn AHK İmpuls tədbirini təşkil edib. Tədbir Azərbaycanda nəqliyyat və logistika sənayesinin inkişafı mövzusuna həsr olunmuşdu.

AHK İdarə Heyətinin Sədri cənab Fərid İsayevin salamlama nitqindən sonra tədbirin fəxri qonağı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Dr. Taleh Ziyadov “Bakı Limanı İnkişafda olan Nəqliyyat və Logistika Qovşağı kimi: Beynəlxalq Ticarətin Təşviqi” adlı məruzə ilə çıxış etdi.

Dr. Ziyadov öz çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Bakı Limanı Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb və bu proqram çərçivəsində nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslərə təlim proqramları təşkil ediləcək. O, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda kommunikasiya xətlərinin açılışı, Limanın növbəti iki il üçün inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistika mərkəzləri və nəqliyyat şirkətləri ilə əldə olunan razılaşmalar və regionun nəqliyyat sektorundakı yeniliklər kimi məsələlərə toxundu.

Tədbir AHK Azərbaycanın icraçı direktorun müavini xanım Nigar Bayramlının moderasiyası ilə keçirilən üzv şirkətlərin sorğularına dair sual-cavab sessiyası ilə yekunlaşdı. Ətraflı

08.07.2020: Pandemiya dövründə Azərbaycanın Turizm Sənayesi

8 iyul 2020-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətlər üçün ilk onlayn AHK İmpuls tədbirini təşkil edib. Görüş koronavirus pandemiyasının Azərbaycanda turizm sənayesinə orta və uzunmüddətli təsirinə həsr olunub. AHK İdarə Heyətinin Sədri cənab Fərid İsayevin salamlama nitqindən sonra Turizm Bürosunun İdarə Heyətinin sədri cənab Florian Zenqstşmid “Pandemiya dövründə Azərbaycanın Turizm Sənayesi” adlı məruzə ilə çıxış edib.

Görüş zamanı cənab Zenqstşmid turizm sənayesinin pandemiya dövründə vəziyyəti, ölkədə turizmin 4 mərhələli bərpa planı və sənaye nümayəndələrinə verilən dəstək mexanizmləri haqqında məlumat verib. Həmçinin, o, Turizm Bürosu tərəfindən təşkil olunan yeni təşəbbüsləri, "SAHMAN" ("Sanitariya və Gigiyena Metodları və Normaları") proqramı və "Macəra yaxındadır" daxili turizm kampaniyası, haqqında ətraflı danışıb.

Turizm sektoru daxilində standartların yenidən qiymətləndirilməsinin və artırılmasının vacibliyini vurğulayan cənab Zenqstşmid, “SAHMAN” proqramının Azərbaycanda bütün tərəfdaşları cəmiyyətin sağlamlığının qorunması və sənayenin bərpası baxımından daha yaxşı təcrübələr tətbiq etməyə çağırdıqlarını vurğulayıb. Bundan əlavə, qeyd olunub ki, “Macəra yaxındadır” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.

Bundan sonra, “Hyatt Regency Baku” hotelinin baş meneceri Volter Qaq və “Deutsche Lufthansa AG” şirkətinin satış üzrə baş meneceri Rene Koinzak müvafiq olaraq qonaqpərvərlik və nəqliyyat sektorundakı COVİD-19-un iqtisadi fəsadları, mövcud olan çətinliklər və pandemiyadan sonrakı bərpa dövrü haqqında dəyərli fikirlərini təqdim ediblər.

Tədbir üzv şirkətlərin sorğularına dair olan Sual-Cavab sessiyası ilə yekunlaşıb. Qeyd edək ki, AHK Azərbaycan bu çətin dövürdə bənzər iclaslar və onlayn tədbirlər təşkil etməklə üzvlərini lazımi məlumatlarla dəstəkləməyə davam edəcəkdir. Ətraflı

30.10.2019: Azərbaycanda Ekoloji Siyasətin Əsas Prioritetləri

30 oktyabr 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün Uniper Global Commodities SE şirkətinin sponsorluğu ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Ekologiya və Təbii Sərvətlər Naziri, cənab Muxtar Babayev “Azərbaycanda Ekoloji Siyasətin Əsas Prioritetləri” adlı təqdimat ilə çıxış edib.

Görüşdə Cənab Babayev tədbir iştirakçılarını ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, mövcud ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda Nazirliyin qarşısında duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə məlumatlandırıb. Azərbaycanda atmosfer çirklənməsi ilə bağlı mövcud statistika barədə məlumat verən cənab Babayev ekoloji təmiz yanacaqdan istifadənin təşviqinin və ölkədə hava keyfiyyətinin monitorinq sisteminin modernləşdirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Nazir qeyd edib ki, bərpa olunan enerji mənbələrindən və enerji qənaətli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında qara yağdan istifadənin dayandırılması, meşə sahələrinin genişləndirilməsi, səmt qazlarının həcminin ilbəil azaldılması, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bir neçəsidir. Cənab Babayev bildirib ki, hal hazırda Qobustan və Samux rayonlarında, eləcə də Bakının Pirallahı, Suraxanı və Sahil qəsəbələrində günəş elektrik stansiyaları fəaliyyət göstərir.

O cümlədən, qeyd olunub ki, Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş Milli Töhfələri sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili olan 1990-cı il ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi yaşıllaşdırma tədbirləri barədə danışan cənab Babayev qurumun növbəti 5 illik tədbirlər planına daxil olan Bakı və Abşeron yarımadasının 7000 hektar ərazilərində yaşıllaşdırma işləri, magistral yollar ətrafında aqro bağların salınması, və alternativ mənbələrdən suvarma zamanı istifadə edilməsi haqqında məlumat verib.

Çıxışın sonunda Nazir özəl sektoru nümayəndələri ilə birbaşa görüş imkanı yaratdığına görə Alman-Azərbaycan Xarici Ticarət Palatasına təşəkkürünü bildirib.

AHK Azərbaycan üzvlərinin sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra tədbir şam yeməyi ilə yekunlaşıb. Ətraflı

16.09.2019: Gömrük islahatları prosesində innovativ həllər

16 sentyabr 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbirin əsas mövzusu Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər olub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev “Gömrük İslahatları Prosesində İnnovativ Həllər” adlı məruzə ilə çıxış edib.

Gömrük sistemində ticarətin asanlaşdırılması istiqamətində aparılan əsas islahatlar haqqında məlumat verən cənab Mehdiyev, informasiya texnologiyalarının risklərin analizi və idarəedilməsi və idxal-ixrac fəaliyyətlərinin sürətləndirilməsi prosesindəki vacibliyindən danışıb.

Cənab Mehdiyev, həmçinin gömrük qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində atılan addımları vurğulayaraq yeni gömrük məcəlləsinin hazırlanmasında Aİ ölkələrinin gömrük sistemləri modelinin Azərbaycana uyğunlaşdırılmasının tamamlanma ərəfəsində olduğunu qeyd edib. "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən bəhs edən Komitə sədri, bu tətbiqin vaxt itkisinin aradan qaldırılmasına və idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb və bildirib ki, idxal-ixrac əməliyyatlarının orta hesabla 25-30%-ə qədəri artıq "Yaşıl Dəhliz" iştirakçıları tərəfindən həyata keçirilir.

Şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin önəminə toxunan cənab sədr bildirib ki, bu sahədə də beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Eyni zamanda, qeyd olunub ki, məmur-vətəndaş təmasının minimuma endirilməsi qurumun hazırkı prioritetlərindən biridir və bu istiqamətdə elektron xidmətlərin keyfiyyətinin və sayının artırılması və statistik məlumatların hökumət məlumat portalına inteqrasiyası sahəsində görülən işlər öz nəticəsini verməyə başlayır.

Səfər Mehdiyev onu da qeyd edib ki, artıq sürətli ticarətin tam təmin olunması üçün bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq, beləliklə bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin ediləcək.

Çıxışının sonunda cənab Mehdiyev gömrük orqanları və şirkətlər arasında əməkdaşlığın zəruriyyətini vurğulayıb və bu uğurlu əməkdaşlığın qanunvericiliyin təkmilləşdirilməsi və iş adamlarının qarşılaşdığı çətinliklərin aradan qaldırılması istiqamətlərində davam etdiriləcəyini bildirib.

AHK Azərbaycan üzvlərinin gömrüklə bağlı sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra “MyBroker” şirkətinin İcraçı Direktoru cənab İlqar Vahabov “Azərbaycanda Gömrük Təmsilçiliyi İnstitutuna Yeni Baxış” mövzusunda təqdimat keçirib. Ətraflı

10.07.2019: Azərbaycanda maliyyə bazarlarının inkişaf trendləri

10 iyul 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətləri və partnyorları üçün AccessBank şirkətinin sponsorluğu ilə növbəti AHK-İmpuls tədbirini təşkil etmişdir. Tədbirin fəxri qonağı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab İbrahim Alışov “Azərbaycanda maliyyə bazarlarının inkişaf trendləri” adlı təqdimat ilə çıxış etmişdir.

Cənab İbrahim Alışov Azərbaycanda maliyyə sabitliyinin təmin olunması, beynəlxalq standartların tətbiqi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verərək ölkənin maliyyə bazarları, xüsusilə də maliyyə mühitinin aparıcı komponentləri kimi bank, sığorta və qiymətli kağızlar bazarının hazırkı vəziyyəti, bu sahələrdə əldə olunan irəliləyişləri vurğulamışdır.

Həmçinin, cənab İbrahim Alışov tədbir zamanı Palatanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən, beynəlxalq təşkilatlar, maliyyə nəzarəti orqanları ilə məhsuldar əlaqələrin qurulmasından, qlobal maliyyə bazarlarında tətbiq olunan beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyasının Palatanın əsas hədəflərindən biri olmasından danışmışdır.

AHK Azərbaycan üzvlərinin sorğularının cavablandırıldığı sual-cavab sessiyasından sonra, AccessBank şirkətinin İdarə Heyətinin sədri cənab Anar Həsənov “Azərbaycanda maliyyə bazarlarının inkişaf trendləri: AccessBank-ın perspektivləri” mövzusunda təqdimat etmişdir.

Tədbir şam yeməyi ilə yekunlaşmışdır. Ətraflı

02.05.2019: Azərbaycanın iqtisadi perspektivləri

2 may 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün PwC Azərbaycan şirkətinin sponsorluğu ilə növbəti AHK-İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Naveed Hassan Naqvi “Azərbaycanın iqtisadi perspektivləri” adlı təqdimat ilə çıxış edib.

Dünyadakı iqtisadi və biznes mühitini təhlil edən son beynəlxalq hesabatlar haqqında məlumat verən cənab Naqvi Azərbaycanın "Doing Business 2019" hesabatında 25-ci pilləyə yüksəlməsi ilə bağlı uğurunu vurğulayıb. O, Dünya Bankının və beynəlxalq təşkilatların bu nailiyyəti yüksək qiymətləndiriyini bildirib. 2019-cu il üzrə İnsan Kapitalı İndeksində Azərbaycanın 69-cu yerdə qərarlaşdığını və insan faktorunun biznesin təşkil olunması və innovasiya üçün vacib mənbə rolunu oynadığını qeyd edən cənab Naqvi hökumət və cəmiyyət arasında sosial əlaqələrin gücləndirilməsində mühüm amil olan insan kapitalının inkişafının zəruriliyini də diqqətə çatdırıb. Xüsusilə qeyd olunub ki, Azərbaycanda bazarın inkişafını təmin edən iki əsas mənbə var: neft və insan kapitalı. Bununla əlaqədar, ölkədə diqqətin neft sektorundan insan kapitalının inkişafına yönəldilməsinin önəmi vurğulanıb. Cənab Naqvi həmçinin, Azərbaycanda təhsil sisteminin və səhiyyə sektorunun inkişafında hökumətin rolunun əhəmiyyətini qeyd edib.

Bundan əlavə, o, son prezident seçkilərindən etibarən dövlət orqanlarında tətbiq olunan yeni idarəetməni yüksək qiymətləndirdiyini bildirib və digər Nazirliklərlə bərabər, Vergilər Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən yeni təyinatları xüsusilə qeyd edib. Cənab Naqvi çıxışının sonunda ölkənin iqtisadi perspektivlərinin inkişaf etdirilməsində bilik və praktiki bacarıqların əhəmiyyətini də vurğulayıb.

Bundan sonra, PwC Azərbaycan şirkətinin Risklərin təhlili və nəzarəti qrupu üzrə Baş Meneceri cənab Otabek Sidikov “Effektiv korporativ idarəetmə üzrə üç müdafiə xətti” mövzusunda təqdimat edib.

AHK Azərbaycan üzvlərinin sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra tədbir şam yeməyi ilə yekunlaşıb. Ətraflı

07.02.2019: Miqrasiya xidmətləri sahəsində davam etdirilən islahatlar və son yeniliklər

7 fevral 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətləri üçün bu ilin ilk AHK-İmpuls tədbirini təşkil etmişdir.

Cari tədbirin əsas mövzusu Azərbaycanda miqrasiya xidmətləri sahəsində davam etdirilən islahatlara və son yeniliklərə həsr olunmuşdur. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov “Azərbaycanda miqrasiya sahəsində islahatların həyata keçirilməsi” bağlı təqdimat ilə çıxış etmişdir. Tədbir iştirakçıları 2019-cu il üçün Miqrasiya Xidməti tərəfindən nəzərdə tutulan prioritetlər və fəaliyyət, keçirilən islahatlar, həmçinin xarici vətəndaşların miqrasiya çətinliklərinin asanlaşdırılması barədə məlumat əldə etdi.

Daha sonra Ekvita şirkətinin təsisçisi və direktoru cənab İlqar Mehti “10 il ərzində Azərbaycanda miqrasiya qanunlarının tətbiqi” mövzusunda iştirakçılara məlumat vermişdir.

AHK-İmpulsa göstərdiyi dəstəyə görə Ekvita MMC şirkətinə təşəkkürümüzü bildiririk! <link az tdbirlr tdbir-tfrrueatlari ahk-impuls-07022019 _blank rte_button>Ətraflı

05.12.2018: Azərbaycanda əmək bazarı islahatlarının həyata keçirilməsi

5 dekabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbir hal-hazırda əmək bazarında davam etdirilən islahatlar mövzusuna həsr olunub və tədbirin fəxri qonağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev olub.

Tədbir AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumannın salamlama nitqi ilə açılıb və KPMG Azərbaycan Limited şirkətinin vergi məsələləri üzrə direktoru cənab Rizvan Qubiyevin “Qeyri-rəsmi məşğulluq ilə mübarizənin vergi siyasəti yolu ilə tənzimlənməsində beynəlxalq təcrübə” adlı təqdimatı ilə davam edib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev “Azərbaycanda əmək bazarı islahatlarının həyata keçirilməsi” adlı məruzə ilə çıxış edib. İnsan amilinin dövlət siyasətinin başlıca xətti olduğunu vurğulayan cənab Babayev bu il əmək bazarında aparılan islahatların 4 əsas istiqaməti əhatə etdiyini qeyd edib: Pensiya sisteminin avtomatlaşdırılması; “DOST” mərkəzlərinin yaradılması; e-sosial internet portalının istifadəyə verilməsi və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması. Cənab nazir məşğulluq sahəsində elektron xidmətlərin genişləndirilməsinin və Nazirlik tərəfindən göstərilən 124 xidmətin vahid pəncərə altında, sadələşdirilmiş şəkildə və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin şəffaflığın və effektivliyin təminatında mühüm rol oynadığını qeyd edib.

O cümlədən, qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə bağlı layihələrin icrası işləri yekunlaşmaq üzrədir və ilk “DOST” mərkəzinin 2019-cu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.

Cənab nazir bildirib ki, vətəndaşların dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, əlillik və s. üzrə) özündə ehtiva edən “e-sosial” internet portalı artıq fəaliyyət göstərir və portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər növbəti il ərzində davam etdiriləcək.

Azərbaycanda qeyri-neft sektorunun işçiləri üçün vergi yükünün azaldılmasını və məşğulluq sahəsində qanunvericiliyə edilən dəyişiklikləri müsbət hal kimi vurğulayan cənab nazir qeyri-formal məşğulluğun qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə Vergilər Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Çıxışdan sonra AHK Azərbaycan üzvlərinin qeyd olunan məsələlər ilə bağlı suallarını cavablandıran cənab nazir biznes nümayəndələrini davam etdirilən islahatlar və həyata keçirilən işlərə öz rəy və təklifləri ilə dəstək verməyə çağırıb. Tədbir nahar yeməyi ilə yekunlaşıb. <link az tdbirlr tdbir-tfrrueatlari ahk-impuls-05122018 _blank rte_button>Ətraflı

31.10.2018: Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər

31 oktyabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbirin əsas mövzusu Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər olub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev “Ticarətin asanlaşdırılması üçün aparılan gömrük islahatları” adlı məruzə ilə çıxış edib.

Gömrük sistemində aparılan əsas islahatlar haqqında məlumat verən cənab Mehdiyev şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin aparılması nəticəsində idxalda artımın müşahidə olunduğunu qeyd edib. Cənab Mehdiyev, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində atılan addımlar, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Aİ ölkələrinin gömrük sistemləri modelinin Azərbaycana tətbiqi haqqında danışıb və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib.

O cümlədən, qeyd olunub ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq. Cənab sədr bildirib ki, bu sahədə işçi qrupu yaradılıb və layihənin ilkin mərhələsi müvəffəqiyyətlə həyata keçirilib. Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri yaşıl dəhliz sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb.

Təşkilati-struktur və kadr islahatlarına xüsusilə toxunan cənab Mehdiyev Komitədə ciddi kadr dəyişiklikləri və struktur islahatlarının həyata keçirilməkdə olduğunu bildirib. Yeni Gömrük Məcəlləsi və normativ sənədlərin beynəlxalq ekspertlərin rəy və tövsiyələri nəzərə alınaraq qəbul olunduğu, strukturda Avropa standartlarının tətbiq olunduğu qeyd olunub. Eyni zamanda, bildirilib ki, məmur-vətəndaş təmasının minimuma endirilməsi qurumun hazırkı prioritetlərindən biridir və bu istiqamətdə elektron xidmətlərin keyfiyyətinin və sayının artırılması və statistik məlumatların hökumət məlumat portalına inteqrasiyası sahəsində görülən işlər davam etdirilir.

Çıxışının sonunda cənab Mehdiyev bu cür görüşlərin gömrük sahəsində aparılan tədbirlərin uğurlu şəkildə davam etdirilməsinə töhfə verdiyini və tədbirdə biznes nümayəndələri tərəfindən irəli sürülən rəy və təkliflərin gələcək islahatlarda nəzərə alınacağını qeyd edib.

AHK Azərbaycan üzvlərinin gömrüklə bağlı sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra BDO Azərbaycan MMC şirkətinin İdarəedici Partnyoru cənab Yunis Salayev və Hüquqi Xidmətlər departamentinin rəhbəri cənab Sabit Abdullayev “Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək” mövzusunda təqdimat keçirib.

Tədbir nahar yeməyi ilə yekunlaşıb. <link az tdbirlr tdbir-tfrrueatlari ahk-impuls-31102018 _blank rte_button>Ətraflı

12.07.2018: Azərbaycanın vergi qanunvericiliyində və inzibatçılığında planlaşdırılan hazırkı islahatlar

12 iyul 2018-ci il tarixində AHK Azərbaycan Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin əsas məqsədi hazırda Azərbaycanın vergi qanunvericiliyində və inzibatçılığında planlaşdırılan islahatlar olub. Azərbaycan Respublikasının Vergilər naziri cənab Mikayıl Cabbarov tədbirdə fəxri qonaq qismində iştirak edərək “Biznesə yeni yanaşma” mövzusunda çıxış edib.

Tədbirdə çıxış edən AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir. İqtisadi əlaqələrin möhkəmlənməsində AHK Azərbaycanın fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Cənab Baumann ölkəmizin vergi sistemində son dövrlərdə aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması və vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, Nazirliyin qarşısına vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi orqanlarında şəffaflığın təmin olunması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirilib və hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilməkdədir. Eyni zamanda, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

Cənab Cabbarov qeyd edib ki, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apellyasiya institutunun yaradılması və vergi auditinin təkmilləşdirilməsidir. Nazir bildirib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir. Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən Vergilər naziri diqqətə çatdırıb ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir. Cənab Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

Vergilər naziri Mikayıl Cabbarov həmçinin vurğulayıb ki, Vergilər Nazirliyi biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verir. Palata hər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir, eyni zamanda, Vergilər Nazirliyi təşkilatla yaxşı platformaya çevrilmiş bu əlaqələrin biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli nəticələr verəcəyini gözləyir. <link az tdbirlr tdbir-tfrrueatlari ahk-impuls-12072018 _blank rte_button>Ətraflı

13.03.2018: Azərbaycanda enerjinin gələcəyi

13 mart 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün ənənəvi AHK-İmpuls tədbirini keçirib.

2018-ci ilin ilk AHK-İmpuls tədbiri enerji mövzusuna həsr olunub. Energetika naziri cənab Pərviz Şahbazov tədbirdə fəxri qonaq qismində iştirak edərək “Azərbaycanda enerjinin gələcəyi” adlı məruzə ilə çıxış edib.

Cənab Şahbazov Azərbaycanın 1994-cü ildən etibarən həyata keçirdiyi enerji strategiyasına və onun nailiyyətlərinə diqqəti yönəldib. O vurğulayıb ki, Azərbaycanın prioriteti hal-hazırda neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Azərbaycanın elektroenergetika sektoru ilə bağlı siyasəti haqqında rəy bildirən cənab Şahbazov qeyd edib ki, elektroenergetika sahəsində yerinə yetirilməli olan vəzifələr sektorun müasirləşdirilməsi, səmərəliliyin və ekoloji tələblərin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, bu sahənin yerli və xarici investisiyalar üçün cəlbediciliyinin təmin olunmasıdır.

Nazir öz çıxışını enerji sahəsində həyata keçirilən cari islahatlar barədə rəy ilə yekunlaşdırıb. O, Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində energetika sektoru ilə bağlı müəyyən olunan islahat tədbirlərinin icrasının davam etdirildiyini və enerji bazarının liberallaşdırılması, elektrik enerjisinin istehsalı və istehlakı üçün rəqabətli mühitin yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayıb.

Nazir cənab Pərviz Şahbazovun çıxışından sonra tədbirdə Uniper Global Commodities SE şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti cənab Dr. Mixael Hilmer təqdimat ilə çıxış edib. Cənab Hilmer Uniper şirkətinin keçmiş və gələcək layihələri ilə bağlı və ARDNŞ ilə enerji səmərəliliyi üzrə yaradılan birgə müəssisə ilə 2016-cı ildən etibarən həyata keçirilən işlər haqqında iştirakçılara məlumat verib. O, şirkətin qurduğu əməkdaşlıqlar barədə nitqi ilə öz çıxışını yekunlaşdırıb və bu əməkdaşlıqların mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb. Ətraflı

16.10.2017: İctimai xidmətlər sahəsində yeniliklər

AHK Azərbaycan 16 oktyabr 2017-ci il tarixində saat 17:00-dan 20:00-dək Hyatt Konfrans Mərkəzinin Quba zalında növbəti AHK İmpuls tədbirini təşkil etdi.

Tədbirdə AHK-nın üzvləri KPMG Azərbaycan şirkətinin idarəedici partnyoru Murat Karakaş və Səhhət Azərbaycan-Almaniya Tibb Klinikasının direktoru Dr. Malik Kərimovun çıxış etdi. Hər iki nümayəndə yerli və xarici mütəxəssislərin dəstəyi ilə təklif etdikləri xidmətlərdən danışdılar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”-nin direktoru cənab Kamran Aqasi tədbirin əsas mövzusu olan “İctimai xidmətlər sahəsində yeniliklər” haqqında təqdimat etdi. O, Azərbaycanın ictimai xidmətlərin müasirləşməsinin baş tutduğu transformasiya dövründə olduğunu qeyd etdi. O, ASAN-ı əsas vəzifəsi müasirləşmiş ictimai xidmətlər sahəsində asan əlçatan, səmərəli, şəffaf və innovativ əməliyyat sistemi kimi nümunə göstərdi. Cənab Aqasi əlavə olaraq ASAN Həyat, Abad və s. kimi yeni təkmilləşən konsepsiyaların regionların inkişafına şərait yaratdığını bildirdi. O, layihələrin inkişafına maraq göstərən insanların dəstəyini hər zaman hiss etdiyini qeyd etdi. Ətraflı

12.09.2017: Azərbaycanda əmlak məsələləri

AHK Azərbaycan çərşənbə axşamı günü, 12.09.2017-ci il tarixində saat 17:00-dan 20:00-dək Hyatt Konfrans Mərkəzinin Quba zalında dördüncü AHK-İmpuls tədbirini keçirdi.

Bu tədbirin müzakirə mövzusu Azərbaycanda əmlak məsələləri olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri cənab Azər Bəşirov iştirak etmiş və tədbir iştirakçılarına dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, torpaqların elektron kadastr uçotunun aparılması və idarə olunması kimi Komitənin əsas funksiyaları haqqında informasiya vermişdir. Cənab Bəşirov eyni zamanda əmlak məsələlərində Alman-Azərbaycan əməkdaşlığının əhəmiyyətini vurğulamış və iştirakçıları birgə layihələr haqqında məlumatlandırmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi cənab Yalçın Camalov Azərbaycanda özəlləşdirmə və investisiya imkanları mövzusunda İmpuls təqdimatı etmişdir.

Bununla yanaşı üzv şirkətlərdən BASF Caspian MMC-nin sənaye üzrə satış meneceri cənab Koray Uygur və Deloitte & Touche MMC şirkətinin idarəedici partnyoru cənab Nuran Kərimov təmsil etdikləri şirkətlərin fəaliyyəti haqqında təqdimatlarını iştirakçıların nəzərinə çatdırmışdır. Ətraflı

01.06.2017: Gömrük proseduraları və qanunvericiliyində yeniliklər

AHK Azərbaycan cümə axşamı günü, 01.06.2017-ci il tarixində saat 17:00-dan 20:00-dək Hyatt Konfrans Mərkəzinin Bakı zalında növbəti AHK-İmpuls tədbirini keçirdi.

Bu tədbirin müzakirə mövzusu Azərbaycanda gömrük proseduraları və qanunvericiliyində yeniliklər oldu. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev iştirak etmiş və tədbir iştirakçılarına Azərbaycanda gömrük proseduraları və qanunvericiliyində yeniliklər haqqında məlumat vermişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini cənab Şahin Bağırov isə Azərbaycanda gömrük islahatlarına baxış mövzusunda İmpuls məruzəsi ilə çıxış etmişdir.

Ekvita MMC-nin idarəedici partnyoru cənab İlqar Mehti və Grohe AG şirkətinin Qafqaz nümayəndəliyinin rəhbəri cənab Ruslan Ağayev təmsil etdikləri şirkətlərin fəaliyyəti haqqında iştirakçılara məlumat verdi. Ətraflı

06.04.2017: İqtisadi islahatların hazırkı vəziyyəti

Növbəti AHK-İmpuls tədbiri 6 aprel 2017-ci il tarixində Hyatt Konfrans Mərkəzinin Quba zalında keçirildi. Ayda bir dəfə keçirilməsi nəzərdə tutulan AHK-İmpuls tədbirlərinin əsas məqsədi AHK-nın üzv şirkətləri və tərəfdaşları arasında informasiya mübadiləsini genişləndirmək, onları ən son yeniliklərlə tanış etmək və ölkədəki hazırkı vəziyyət haqqında informasiya ilə təmin etməkdir.

İkinci AHK-İmpuls tədbirinin əsas mövzusu Azərbaycanda keçirilən iqtisadi islahatlar oldu. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru cənab Dr. Vüsal Qasımlı ölkədə keçirilən islahatlar haqqında fikirlərini təfsilatlı şəkildə qonaqlarla bölüşdü. Capital Legal Services MMC şirkətinin idarəedici partnyoru cənab Vüqar Məmmədov və Labservis Ltd. şirkətinin icraçı direktoru cənab Mais Sailov təmsil etdikləri şirkətlərin fəaliyyəti haqqında təqdimatlarını iştirakçıların nəzərinə çatdırdı. Ətraflı

02.03.2017: Maliyyə və bank sektorunun mövcud vəziyyəti

AHK Azərbaycan 2 mart 2017-ci il tarixində Hyatt Konfrans Mərkəzinin Bakı zalında birinci “AHK Impuls” tədbirini təşkil etdi. Ayda bir dəfə keçirilməsi nəzərdə tutulan AHK-İmpuls tədbirlərinin əsas məqsədi AHK-nın üzvü olan şirkətləri və tərəfdaşlarını ölkə iqtisadiyyatında ən son yeniliklərlə tanış etmək və onları ölkədəki hazırkı vəziyyət haqqında informasiya ilə təmin etməkdir.

İlk AHK-İmpuls tədbirinin əsas mövzusu Azərbaycanda hazırkı maliyyə vəziyyəti oldu. Accessbank Azərbaycan şirkətinin Baş İcraçı Direktoru cənab Mixael Hoffmann ölkədəki maliyyə vəziyyəti haqqında fikirlərini qonaqlarla bölüşdü. Knauf Marketinq Bakı MMC şirkətinin Baş Direktoru cənab Samir Quliyev və SAP şirkətinin Azərbaycan üzrə İcraçı Direktoru cənab Rüfət Hacıəlibəyov təmsil etdikləri şirkətlərin fəaliyyəti haqqında təqdimatlarını iştirakçıların nəzərinə çatdırdı. Ətraflı