Tibbi Turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığı genişlənir

10.04.2018

10 aprel 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində Tibbi Turizm üzrə Alman-Azərbaycan Biznes Forumunu keçirib.

Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya Tərəfdaşı” GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Tədbirin rəsmi açılışı AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann tərəfindən edilib. Forum haqqında qısa məlumat verildikdən sonra Almaniya Federativ Respublikasının Səfirliyinin İqtisadi Attaşesi xanım Hayke Mökel tibbi turizm sahəsində Almaniya və Azərbaycan arasında əməkdaşlıq imkanları haqqında çıxış edib və Almaniyanın azərbaycanlı həmkarları ilə öz bilik və təcrübəsini paylaşmağa hazır olduğunu qeyd edib. AHK Azərbaycanın İdarə Heyətinin üzvü və Səhhət klinikasının direktoru cənab Malik Kərimov Almaniyanın səhiyyə sistemində Azərbaycana göstərdiyi dəstək, eləcə də alman şirkətləri ilə həyata keçirilən birgə layihələr və Təcrübəli Ekspertlər Xidməti (SES) barədə çıxış edib.

Forumun rəsmi açılışından sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru cənab Ceyhun Məmmədov iştirakçılara tibbi turizm sektorunda Azərbaycanda həyata keçirilən mövcud islahatlar, dövlət proqramları və gələcək layihələr barədə məlumat verib. Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri cənab Ruslan Quliyev tibbi turizm sahəsində Alman-Azərbaycan əməkdaşlığına dair imkanlar barədə təqdimat edib.

100-dən artıq yerli və alman şirkətindən nümayəndələrin iştirak etdiyi forum Almaniyanın nümayəndə heyətinin Alman klinikaları və tibb müəssisələrinin fəaliyyətləri, həmçinin səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycanlı tərəfdaşlara verdiyi təqdimat ilə davam edib. Tədbirin sonunda tibbi turizm sektorunda fəaliyyət göstərən Alman və Azərbaycan şirkətləri arasında ikitərəfli biznes görüşləri keçirilib.

Publications on the topic