"Neft və Qaz sektorunda biznes" nəşrinin Hannover sərgisində təqdimatı keçirilib

26.04.2018

"Neft və Qaz sektorunda biznes: Alman şirkətləri üçün imkanlar 2018" Alman Ticarət Palatalarının "Global Cluster for Oil & Gas" təşkilatı və Almaniya Ticarət və İnvestisiya Təşkilatının (GTAI) birgə yayımladığı və dünyada fəaliyyət göstərən Alman şirkətlərini neft və qaz sənayesində bazar imkanları haqqında məlumat ilə təmin edən nəşrdir.

Bu il sözügedən nəşr 24 aprel tarixində Hannover sərgisi çərçivəsində keçirilən Neft və Qaz Sənayesi üçün 4-cü Şəbəkədaxili Tədbirdə Azərbaycan, Braziliya, İran, Meksika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın Alman Ticarət Palataları tərəfindən təqdim edildi.

AHK Azərbaycan bu il ilk dəfə layihədə iştirak edərək Azərbaycanın neft-qaz sənayesində son inkişaf və bu sektorda davam edən və nəzərdə tutulan layihələr haqqında məlumat təmin etməklə nəşrə öz töhfəsini vermişdir.

"Global Cluster for Oil & Gas" təşkilatı Azərbaycan, Braziliya, İran, Meksika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-da fəaliyyət göstərən Alman Ticarət Palatalarının təşəbbüsüdür. Təşkilatın məqsədi alman şirkətlərinə beynəlxalq bazarlara daxil olmaqda və öz fəaliyyətlərini genişləndirməkdə daha səmərəli dəstək təklif etməkdir.

Dünyanın aparıcı sənaye texnologiyaları sərgisi olan Hannover sərgisi bu il 23-27 Aprel 2018-ci il tarixlərində Almaniyanın Hannover şəhərində keçirilir.