Press Release

Enerji və İKT sektorlarında Alman-Azərbaycan təşəbbüsü yeni imkanlar təqdim edir

09.10.2018

9 oktyabr 2018-ci il tarixində Fairmont Bakı Hotelində Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes Forumu keçirilib. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Bu ilki Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının Enerji və İKT sahələri ilə bağlı layihə və təkliflərini təqdim etmək və müvafiq sahələrdə işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.

Forumu salamlama nitqi ilə açan AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann tədbirin proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Energetika nazirinin müavini cənab Natiq Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri cənab Azad Cəfərli və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Missiya rəhbərinin müavini xanım Andrea Sühl salamlama nitqi ilə çıxış ediblər.

Energetika nazirinin müavini cənab Natiq Abbasov Azərbaycanın enerji sektorunda yeni texnologiyaların tətbiqi barədə iştirakçılara məlumat verib. Enerji sənayesinin əsas prioritetlərindən olan rəqəmsallaşmanın rolunu vurğulayan cənab Abbasov həmçinin gələcək illərdə Alman şirkətləri ilə əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri cənab Azad Cəfərli informasiya texnologiyaları və telekommunikasiya sahəsində aparılan cari islahatlar barədə çıxış edib. Rəqəmsal layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar haqqında danışan cənab Cəfərli hal-hazırda elektron xidmətlərin inteqrasiyası və qiymətləndirilməsi sahəsində işlərin davam etdirildiyini bildirib.

Almaniya Səfirliyinin nümayəndəsi xanım Andrea Sühl Alman kansleri Angela Merkelin 2018-ci ilin avqust ayında Bakıya rəsmi səfərinin Almaniya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsində Almaniyanın dəstəyini vurğulayıb.

 Açılış mərasimindən sonra Uniper SE şirkətinin Vitse-Prezidenti cənab Mixael Hilmer və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr və Marketinq üzrə Vitse-Prezidentinin müavini cənab Vitaliy Bəylərbəyov öz çıxışlarını təqdim ediblər. Uniper şirkətinin Azərbaycandakı fəaliyyəti barədə təqdimat ilə çıxış edən cənab Hilmer Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyinə dair nikbinliyini ifadə edib. Cənab Bəylərbəyov Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində alman şirkətlərinin töhfəsini və Almaniyanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu xüsusilə vurğulayıb.

Neft və Qaz sənayesində qlobal tendensiyalar və çətinliklər barədə İmpuls bölümündən əlavə, tədbirdə Enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna dair paralel müzakirələr keçirilib.

Müvafiq dövlət qurumlarından, yerli və Alman şirkətlərindən ibarət 200-ə yaxın nümayəndənin iştirak etdiyi tədbir şəbəkədaxili danışıqların keçirildiyi nahar yeməyi ilə yekunlaşıb.

Publications on the topic

Press_Reliz.pdf