Press Release

AHK Azərbaycanın nümayəndələri Dövlət Gömrük Komitəsinin sədri ilə görüşüb

10.07.2018

9 iyul 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev ilə görüşüb.

Cənab Səfər Mehdiyev gömrük sistemində davam etdirilən islahat tədbirlərinə toxunaraq gömrük inzibatçılığının təkmilləşdirilməsi, sənədləşmənin minimuma endirilməsi, həmçinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsində qısa idxal bəyannamələrinin, risk analizlərinin və "yaşıl dəhliz" sisteminin tətbiqinin əhəmiyyətini qeyd edib.

Azərbaycanda gömrük xidmətinin əsas məqsədləri barədə danışan cənab Mehdiyev, Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyünün hazırkı mühüm hədəflərdən biri olduğunu və gömrük sahəsində şəffaflığın təmin edilməsi məqsədilə Aİ ilə səmərəli təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri, həmçinin sərhəd keçid məntəqələrində gömrük nəzarəti prosesinin müasirləşdirilməsi və nəzərdə tutulan layihələrin icrasında Alman şirkətləri ilə əməkdaşlıq və bu məqsədlə yeni avadanlıqların alınması ilə bağlı məlumat verib.

Bundan əlavə, cənab Mehdiyev qanunvericilik, şəffaflıq, informasiya texnologiyalarının tətbiqi və gömrük nəzarətinin daha da təkmilləşdirilməsi istiqamətində aparılan əsaslı islahatları qeyd edib və AHK Azərbaycan üzvlərinin öz təklif və rəyləri ilə bu tədbirlərə verdiyi töhfəni yüksək qiymətləndirib. Eyni zamanda, Dövlət Gömrük Komitəsi və AHK Azərbaycanın nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasının gömrük sahəsində qarşıya çıxan məsələlərin operativ və obyektiv qiymətləndirilməsində səmərəli olacağı qeyd olunub.

AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann, Palata ilə Gömrük Komitəsi arasındakı səmərəli və konstruktiv əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə bu əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə dair əminliyini bildirib. O, Palatanın şəbəkəsinə qoşulan üzvlərin sayının ildən-ilə artdığını vurğulayaraq AHK-Impuls, İşçi Qrupu Görüşləri, Biznes Forumları kimi bu yaxınlarda Palata tərəfindən həyata keçirilən yeni layihələr barədə məlumat verib.

Görüşdə AHK Azərbaycanın İdarə Heyətinin sədr müavini cənab Fərid İsayev Palatanın fəaliyyəti, xüsusilə yeni yaradılmış AHK Azərbaycanın Vergi və Hüquq Məsələləri ilə bağlı İşçi Qrupu barədə məlumat verib və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq və qarşıdan gələn ortaq fəaliyyət planları ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Publications on the topic